Sentyabrın 28-də “Qarabağ ilmələrdə” layihəsinin təqdimatı keçirilib
AZƏRTAC xəbər verir ki, layihə Mədəniyyət Nazirliyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov böyük Qələbədən ilhamlanaraq belə bir layihəyə başladıqlarını söyləyib: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və 44 günlük Vətən müharibəsinin sonunda düşmən üzərində tarixi Zəfər çaldı”. Layihənin vacib məqamlarına toxunan Emin Məmmədov bildirib ki, layihə çərçivəsində vətəndaşlarımıza sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq.
Həm Bakıda, həm də bölgələrdə çoxlu sayda insanımızın qoşulması planlaşdırılan sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunacaq xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. 44 gün ərzində Azərbaycan vətəndaşları bu gözəl xalçanı toxuduqdan sonra hazır xalçanın təqdimatı keçiriləcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və “Qarabağ ilmələrdə” adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.