“Azərxalça” nın tarixi
Xalçaçılıq Azərbaycanda ən geniş yayılmış xalq yaradıcılıq növlərindən biridir. Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş, xalqın rəmzinə çevrilmiş xalça sənətinin sirrləri bütün xalq yaradıcılıq sahələrində olduğu kimi nəsildən nəsilə ötürülür – nənə nəvəyə,nəticəyə, analar qız-gəlinlərə sənətin ən dərin incəliklərini öyrədir. Buna görə qədimdən ölkəmizdə xalça toxumaq, demək olar ki, hər bir gənc qızın mütləq və zəruri bacarığına çevrilmişdi.
Müasir Azərbaycanda xalçaçılıq tarixi 100 ilə yaxın olan “Azərxalça”nın yaranması ilə sıx bağlıdır. XIX əsrin sonlarında dünya bazarında Azərbaycan xalçalarına təlabatın artması ölkəmizdə xalçaçılığın inkişaf etməsinə, xalça artellərinin və emalatxanalarının yaradılmasına səbəb olmuşdur. Daha sonralar Azərbaycan xalçaçılıq sənəti bir neçə istiqamətdə məqsədyönlü inkişafını davam etdirmiş və bu inkişaf çoxşaxəli olmuşdur.
“Azərxalça” İstehsalat Birliyi 1962-ci ildə yaradılmışdır. Daha sonra xalça istehsalı üzrə ixtisaslaşmış yeganə Birlik kimi yerli Sənaye Nazirliyinin tabeliyinə keçmişdir. Birliyin nəzdində məqsədi xalçaçılıq sənətinin xüsusiyyətlərinin tədqiqi olan eksperimental-bədii yaradıcılıq laboratoriyası fəaliyyət göstərirdi. Bu laboratoriyanın fəaliyyəti Azərbaycanın Xalq rəssamı, xalçaçı-rəssam, xalçaçılıq sənətinin elmi-tədqiqat nəzəriyyəsinin banisi Lətif Kərimovun adı ilə birbaşa bağlıdır. Azərbaycan xalçaçılıq sənəti Ulu Öndər Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf etmişdir
Fəaliyyətinin növbəti mərhələsində “Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyi ləğv olundu. 5 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Hazırda “Azərxalça” ASC-nin fəaliyyət coğrafiyası, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir, Koreya, Çin, Rusiya və Dubaya fəal şəkildə xalça ixrac edilir. Bakı və rayonlarda fəaliyyət göstərən məşhur otellərdə satış nöqtələrinin sayı artır. “Azərxalça” ASC-nin xalçalarını H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanı, Duty Free zonasından da almaq mümkündür. 2020-ci ilin yayında Bakıda, İçərişəhər, Böyük Qala 15 ünvanında xalça təqdimatları və sərgilərinin keçirildiyi, çoxsaylı yaradıcılıq layihələrinin start götürdüyü, xalçaların həm nümayişi, həm də satışının mümkün olduğu “Azərxalça” tarixinin ilk nümayiş salonu istifadəyə verildi. Açıldığı gündən nümayiş salonu yerli sakinlərlə yanaşı əcnəbi turistlərin, yerli və xarici diplomatik nümayəndəlikləri rəsmilərinin diqqətini cəlb edib.
Hazırda müasir rəssamlar, dizaynerlər və istedadlı gənclərlə səmərəli iş aparılır. “Azərxalça” ASC klassik xalçaçılıq ənənələrini itirmədən, yeni istiqamətlər təqdim edir, konseptual rəssamları ənənəvi xalçalar əsasında yeni dizaynlarla daha müasir əsərlər yaratmağa cəlb edir. Müasir üslublu ənənəvi xalça, rənglərin oyunu –kifayət qədər cəsarətli və innovativ addımdır. Bu, donuq ehkamları canlandırmaqla yanaşı, həm də belə bir metamorfozun bu sənət növünün aktuallığını hər zaman sübut edə biləcəyini nümayiş etdirir.
Bizim missiyamız
Biz xalçaların istehsalı və satışı ilə məşğul oluruq.
Biz ənənəvi texnologiyaların qorunması, həmçinin, istehsal prosesində yeni elementlərin tətbiqi istiqamətində bütün səylərimizi cəmləşdiririk.
Ölkənin demək olar ki, bütün bölgələrində yaşayan toxucuların 90%-dən çoxunun “Azərxalça” ASC-nin emalatxanalarında işə cəlb edilməsi də irimiqyaslı sosial layihənin tərkib hissəsidir.
Biz dünya bazarına rəqabətə davamlı müasir məhsul çıxarırıq.
Bizim xalçalarımız istənilən müasir interyerdə öz yerini tapır.
Biz xalçaların istehsalı və satışı ilə məşğul oluruq.
Biz ənənəvi texnologiyaların qorunması, həmçinin, istehsal prosesində yeni elementlərin tətbiqi istiqamətində bütün səylərimizi cəmləşdiririk.
Ölkənin demək olar ki, bütün bölgələrində yaşayan toxucuların 90%-dən çoxunun “Azərxalça” ASC-nin emalatxanalarında işə cəlb edilməsi də irimiqyaslı sosial layihənin tərkib hissəsidir.
Biz dünya bazarına rəqabətə davamlı müasir məhsul çıxarırıq.
Bizim xalçalarımız istənilən müasir interyerdə öz yerini tapır.
- Xalçaçılıq Məktəbləri
-
Texniki və bədii xüsusiyyətlərinə görə Azərbaycanın xovlu və xovsuz xalçalarını aşağıdakı dörd tipə bölmək olar:
- “Quba-Şirvan”
- “Gəncə- Qazax”
- “Qarabağ”
- “Təbriz”
“Quba-Şirvan” tipi
Quba-Şirvan xalça tipinə aid olan bu üç qrupun (Quba, Şirvan, Bakı) texnologiyasının oxşarlığına baxmayaraq xalçaların naxışları bir- birindən fərqlənir. Quba və Bakı xalçalarına nisbətən Şirvan xalçalarında insan, heyvan təsvirlərinə, məişət əşyları və şərti elmentlərin təsvirinə daha tez-tez rast gəlmək olar. Quba – Şirvan növlü xalçalarda bəzi haşiyə ornamentlərində memarlıq ornamentlərinə də təsadüf olunur, xalçalar əsasən zəngin və mürəkkəb çeşnilərə, ahəngdar, ağır rənglərə malikdir. Tipin xalçaları sıx, yumşaq və qısa xovlu, ilmə hündürlüyü 3mm-dən 6mm-dək olur.
“Quba-Şirvan” tipli xalçalar üç qrupa bölünür.
Quba qrupu
- Quba. Burada toxunan “Köhnə Quba”, “Quba”, “Alpan”, “Xırdagülçiçi”, “Alçaqgülçiçi” xalçaları və Quba sumaxları böyük şöhrət qazanmışdır.
- Dəvəçi. Dəvəçidə toxunan “Qaraqaşlı”, “Şahnəzərli”, “Mollakamallı”, “Ləçədi”, “Biliçi”, “Pirəbədil”, “Çarax”, “Uqah” məşhurdur.
- Qonaqkənd. Bu rayonda “Orduc”, “Afurca”, “Yerfi”, “Qımıl”, “Çek”, “Qırız”, “Çimi”, “Xaşı”, “Qonaqkənd”, “Arslan”, “Xan”, “Sallamasöyüd” xalça kompazisiyaları geniş yayılmışdır.
Şamaxı qrupu
- Burada “Şirvan”, “Şamaxı”, “Qabıstan”, “Ərciman” və “İsrafil” xalçalar geniş yayılıb.
Mərəzə
- “Mərəzə”, “Nabur”, “Çuxanlı”, “Cığırlı” və “Çəmçəmli” xalçaları daha çox istifadə olunur.
Ağsu
- Burada “Biço”, “Qəşəd”, “Pirhəsənli” xalçaları məşhurdur.
Kürdəmir
- Burada əsas etribarilə “Kürdəmir”, “Şilyan”, “Sor-sor” xalçaları toxunur.
Qazıməmməd
- Buranın “Hacıqabul”, “Şirəlibəy” xalçaları, həmçinin palaz və kilimləri geniş şöhrət qazanmışdır. “Şəki”, “Zaqatala”, “Balakən”, və bədii texniki xüsusiyyətlərinə görə Şirvan xalçalarına oxşayan “Qəbələ”, “Salyan” xalçaları da həmin qrupa aiddir.
Bakı – Abşeron qrupu
Bu qrupa aşağıdakı rayonların xalçaları daxildir.
Abşeron yarımadası
- “Bakı”, “Xiləbuta”, “Xiləəfşan”, “Suraxanı”, “Novxanı”, “Görədil”, “Qala”, “Fatmayı”, xalçaları geniş yayılıb.
Xızı
- Bu rayonda “Fındığan”, “Qədi” xalçalarını həmçinin burada istehsal olunan zililəri göstərmək olar.
“Gəncə- Qazax” tipli xalçalar
Texniki cəhətdən oxşarlıqlarına baxmayaraq Gəncə-Qazax tipli xalçalar öz bədii xsusiyyətlərinə və ölçülərinə görə fərqlənir. Gəncə xalçalarının ornamentləri Qazax xalçalarının ornamentlərinə nisbətən mürəkkəbdir. Qazax xalçaları Gəncə xalçalarından xeyli dərəcədə böyük olur. Gəncə-Qazax xalçaları əsasən 3 kv.m-dən 10kv.m-dək olur. Bəzən bu rayonlarda Qarabağ və İran Azərbaycanı üçün səciyyəvi olan “xəli gəbə dəsti”nə, yəni xalça dəstinə rast gəlmək olur. Gəncə- Qazax tipli xalçaların kompozisiyası əsas etibarı ilə daha sadə, ornament elementləri isə Quba – Şirvan növlü xalçalara nisbətən daha həndəsi olur. Rəng xüsusiyyətlərinə gəldikdə isə demək olar ki, Gəncə- Qazax xalçalarında sarı, yaşıl, narıncı rənglərə daha tez-tez rast gəlinir. Qazax xalçalarında ilmələr “qullabi ilmə” və “dolma ilmə” üsulu ilə vurulur, ilmələri sıx deyil, amma hündür olur, orta ölçülü həmin xalçalar öz möhkəmliyi ilə fərqlənir. Gəncə-Qazax tipli xalçalarda ilmənin hündürlüyü 6mm-dən 12mm-dək olur.
Gəncə-Qazax tipli xalçalar iki qrupa bölünür.
Gəncə qrupu
- Bu qrupa aşağıdakı rayonların xalçaları daxildir: Gəncə. Bu zonada “Gəncə”, “Qədim Gəncə”, və “Samux” xalçaları geniş yayılıb.
Goranboy
- Burada“Çaylı”, “Şadlı”, “Fəxralı” xalçaları məşhurdur. Gədəbəy. Bu rayonda “Gədəbəy” və “Çıraqlı”, Azərbaycanın qərbində Çaykənddə və Gölkənddə istehsal olunan “Qaraqoyunlu” xalçaları da bu qrupa daxildir.
Qazax qrupu
Qazax
- Xovlu xalçalardan burada “Qazax”, “Salahlı”, “Şıxlı”, “Kəmərli”, “Dəmirçilər”, “Qaymaqlı”, “Göyçəli”, “Öysüzlü”, “Dağkəsəmən” xalçalaları, xovsuz xalçalardan vərni və zililər geniş yayılmışdır.
Borçalı
- Gürcüstan respublikasının azərbaycanlılar yaşayan ərazilərdə geniş yayılmış xalçalara misal olaraq “Borçalı”, “Qarayazı”, “Qaçağan”, “Qaraçöp” və “Qaraqoyunlu”xalçalarının misal göstərmək lazımdır.
“Qarabağ” tipli xalçalar
Qarabağ xalçaları kompozisiyaların müxtəlifliyi, həndəsi və nəbati elementləri ilə fərqlənir. Qarabağda “Xəli-gəbə” dəsti xalça komplekti geniş yayılmışdır. Qarabağ xalçaları başqa tipli xalçalara nisbətdə daha böyük olurlar. Burada aadətən 2-20 kv.m ölçülü xalçalar istehsal olunur. Bu xalçalarda ilmələrin hündürlüyü 6-10 mm-ə qədərdir. Qarabağ tipli xalçaların kompozisiyası Gəncə-Qazax tipli xalçaların kompozisiyasına nisbətən daha mürəkkəb olur. Qeyd edildiyi kimi, Qarabağ xalçalarında ən çox həndəsiləşmiş nəbati ornamentlərə rast rast gəlinir. Qarabağ xalçalarında ən çox qızılı sarı, qırmızı, al qırmızı, palıdı və çəhrayı rənglərdən istifadə olunur. Qarabağ xalçaları “qullabi ilmə” üsulu ilə toxunur. Onların əksəriyyəti iri və uzun olur. Qarabağ xalçalarında ilmələr orta və az sıxlığa malik olsa da, bu xalçalar xeyli möhkəmliyi və qalınlığı ilə fərqlənir. Qarabağ xalçaları bədi xüsusiyyətlər və toxunma üsuluna görə Təbriz xalçalarına bənzəyir.
Qarabağ tipli xalçalar üç qrupa bölünür
Qarabağ qrupu
Bərdə
- Bu rayon “Bərdə”, “Xanqərvənd”, “Aran”, “Qoça”, “Çələbi”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Şabalıd buta”, “Balıq” xalçaları həmçinin şəddə, vərni, zililəri ilə məşhurdur. Qoca sənətkarlar həmin qrupa aid olan xalçalara Aran xalçaları deyirdilər. Texniki və bədii xüsusiyyətlərinin oxşarlığına görə Naxçıvan xalçası da bu qrupa aid edirlir.
Ağcabədi
- Bu rayonda xovlu xalçalardan “Ləmbəran”, “Qarabağ”, “Xantirmə”, xovsuz xalçalardan isə çeçim geniş yayılmışdır.
Şuşa qrupu
Bu qrupa geniş şöhrət qazanmış “Malıbəyli”, “Ləmpə”, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulut”, “Gül yaylıq”, “Nəlbəkigül”, “Muncuq” və “Zərməxmər” xalçaları daxildir. Qarabağın xüsusilə qədim tarixə malik Bərdənin xalça sənəti XVIII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, burada daha geniş miqyasda inkişaf etməyə başlamışdır. Buna görə də sənətşünaslar Qarabağ xalçalarının əksəriyyətini Şuşaya aid edirlər.
Cəbrayıl qrupu
Bura – “Xanlıq”, “Qaraqoyunlu”, “Qubadlı”, “Kürd”, “Qasımuşağı”, “Bəhmənli”, “Muğan”, “Talış” xalçaları, həmçinin xovsuz xalçlar, kilimlər daxildir.
“Təbriz” tipli xalçalar
Təbriz xalçalarının və xalça məmulatlarının hazırlanması üçün xammal rolunda yun, ipək, pambıq və kətan çıxış edir. Təbriz sənətkarları öz xalçalarında rəngli metallardan da istifadə edirdilər. XV - XVII əsrlərdə ipəkdən, qızıl və gümüş saplardan əyrilmiş iplikdən toxunan Təbriz xalçaları dünya muzeylərində saxlanır. Orta əsrlərdə Təbriz sırf ipəkdən toxunan, relyef işləmələrlə toxunan xalçaların, ikitərəfli və daha mürəkkəb toxunuşlu, orijinal xüsusiyyətləri olan xalçaların istehsal mərkəzi idi.Təbriz xalçaları müxtəlif formatda, müxtəlif ölçüdə və sıxlıqda olur - ən kiçik xalçalardan (30x30sm) ən böyük xalılara (60x70metr) qədər. Bəzən 100 metrlik xalılara da rast gəlmək olar. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 25x25 ilmədən 100x100 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60000 ilmədən 100000 ilməyə qədər). Xovun hündürlüyü də müxtəlif olur - 1-15mm.
Təbriz tipli xalçalar iki qrupa bölünür.
Təbriz qrupu
- Bu qrupa Təbriz, Görevən, Heris, Baxşayış, Ləçəkturunc, Əfşan, Ağaclı, Qərəcə, Ovçuluq, Dördfəsil – kimi ərazilərdə toxunan xalçalar aid edilir.
Ərdəbil qrupu
- Mir, Açma-yumma, Şeyx-Səfi, Ərdəbil, Şahabbası, Sarabi və Zəncan ərazilərində toxunan xalçalar aid edirlir.
- Xalça toxunmasına mərhələlərlə hazırlıq
-
Əsl əl işi xalçanın toxunması və ərsəyə gəlməsi üçün bəzən toxuculara aylarla vaxt lazımdır.
Xalçanın toxunmasına mərhələlərlə hazırlıq görülür. İlk olaraq xammal yəni ip hazırlanır: yunun qırxılması, pıtraq və digər bitki mənşəli qarışıqlardan təmizlənməsi, daranması, əyrilməsi və boyanması.
- Qədimdən qırxımdan öncə qoyunların çayda yuyulması onların yunlarının qırxım öncəsi təmizlənməsi məqsədilə həyata keçirilirdi. Bəzi bölgələrdə isə qoyunlar köç yolunu gəldikdən sonra xüsusi hazırlanan vannaya salınıb çimizdirilirdi. Bu çimizdirmə zamanı köç yolunda heyvana yığılan bit-birə və gənə tamamilə təmizlənir. Yun qırxımı adətən yazda (aprel-iyul) və payızda (avqustun sonu-sentyabrın əvvəlləri) aparılır. Beləliklə, yaz qırxımı qışlaqda başlanır və dağlarda yaylaqda tamamlanır, payız qırxımı isə bütünlüklə yaylaqda aparılır. Keyfiyyətli yun ipliyin hazırlanması üçün əsasən yaz qırxımının uzun lifli, zərif yunundan istifadə edilir.
- Növbəti mərhələdə təmizlənmiş və daranmış yundan cəhrədə ip əyrilir. Müasir dövrümüzdə istehsalın kütləvililiyini nəzərə alaraq, xalça istehsalı üçün zəruri olan yun və pambıq ipliklərin böyük həcmdə istehsalı məqsədilə əyirici-boyaq fabrikləri yaradılmışdır.
- İplərin boyanmasında bitki mənşəli boyaqlarla yanaşı, heyvan və mineral mənşəli təbii boyaqlardan da istifadə olunur. İplər xüsusi boyaq qazanlarında rənglənir. Xalçaların kütləvi istehsalı üçün kimyəvi tərkibli boyaqlardan da geniş istifadə edilir.
- Yalnız müxtəlif rənglərdə boyanmış ipliklər hazır olduqdan sonra hər hansı bir çeşni (naxışların texniki rəsmləri) üzrə uzun sürən toxuma prosesinə başlanılır.