Close

MENYU

Professor Vidadi Muradov respublika elmi-praktik konfransında məruzə edib

  • 06 Noy
    2019
  • 17:05
  • 87
  • 2
    0
06.11.2019 - 17:05
87
0

Noyabrın 6-da AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan xalça sənətinin qorunması və inkişafı" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransda giriş sözü ilə çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən olan xalçaçılıq milli mədəniyyətimizin bir hissəsidir. Son illər ölkəmizdə xalçaçılıq sahəsinə diqqət artıb. Xalçaçılığın inkişafı maddi və mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə "Azərbaycan xalçalarında Heydər Əliyev obrazı" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalçasının ölkəmizin tarixini özündə əks etdirdiyi vurğulanıb. Ərtegin Salamzadə incəsənətin inkişafına hər zaman böyük diqqət göstərmiş ulu öndər Heydər Əliyevin obrazının xalçalarda əks olunmasından danışıb. Ərtegin Salamzadə elmi-praktik konfransın əhəmiyyətindən, burada dinləniləcək məruzələrin aktuallığından bəhs edib.

Konfransda "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, tarix elmləri doktoru, professor Vidadi Muradov ""Azərxalça" ASC Azərbaycan xalça sənətinin keşiyindədir" mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan xalçaçılığı yaradan və inkişaf etdirən istedadlı, zövqlü xalçaçıların, eyni zamanda onun düzgün ticarətini təşkil edən, beynəlxalq miqyasda tanıdan tacirlərin vətənidir.  Zəngin xammal bazasının, xüsusilə qoyunçuluq təsərrüfatlarının və təbii boyaq maddələrinin mövcudluğu xalçaçılığın müstəqil bir sənət və istehsal sahəsi kimi formalaşması üçün burada geniş imkanlar yaradıb. Azərbaycan xalçasının həm bədii, həm də texnoloji baxımdan rəngarəngliyinə zəngin tarixi xalçaçılıq ənənələri olan İran, Anadolu, Uzaq Şərq ölkələri də öz müsbət təsirini göstərib. Azərbaycan xalçaçılığı ümumilikdə Qafqaz xalçaçılığında əsas və dominant rolunu oynamaqla, burada yaşayan müxtəlif xalqların, etnosların xalçaçılıq ənənələrinin yaranmasına və inkişafına təkan verib.

Qeyd olunub ki, son orta əsrlərdə, xüsusilə XVI-XX əsrin birinci rübü dünyanın xalça ticarətində Azərbaycan xalçalarının dövriyyəsi yüksək olub. Göstərilən tarixi mərhələdə dünyanın müxtəlif ölkələrinə aparılmış Azərbaycan xalçaları indi "Viktoriya və Albert", "Metropoliten", Luvr, Ermitaj, Filadelfiya, San-Fransisko, Boston muzeylərində, Gürcüstan Milli Muzeyində, Rusiyanın Etnoqrafiya Muzeyində, şəxsi kolleksiyalarda qorunur.  XX əsrin II rübündən etibarən siyasi və sosial-iqtisadi amillərlə əlaqədar olaraq zəifləmələr, geriləmələr, hətta durğunluq yaransa da, istehsal miqyası daralsa da xalçaçılıq Azərbaycan ərazisində daima mövcud olmuş, bir ailə sənəti olaraq öyrədilib, təbliğ edilib.

Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. 1990-cı illərin əvvəllərindən etibarən bu sənət ayrı-ayrı şirkətlər və fərdi xalçaçılar tərəfindən davam etdirilib. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa olunub, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılıb. "Azərbaycan xalçası" V Beynəlxalq Simpoziumunun təşkil olunması haqqında, "Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamlar imzalanıb. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqətinin və qayğısının nəticəsi, xalçaçılığı həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsidir. Hal-hazırda Azərbaycanın əsas xalçaçılıq mərkəzi "Azərxalça" Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb.

Vidadi Muradov deyib ki, Cəmiyyətin yarandığı günün - 5 may tarixinin "Xalçaçı günü" peşə bayramı kimi milli təqvimə daxil edilməsi dünyada analoqu olmayan bir hadisədir. Dünyanın bir çox ölkələrində xalçaçılıq sənəti tarixən mövcud olub və indi də yaşamaqdadır. Lakin bu hadisənin ilk dəfə məhz respublikamızda reallaşması Azərbaycan xalçasının və xalçaçılarının tarixi haqqıdır. "Azərxalça"nın əsas məqsədi ənənəvi xalq üsulu ilə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalçaçılıqda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. 

Vurğulanıb ki, Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. "Azərxalça" ASC respublikada xalçaçılıq sənayesini məhz bu kompleks yanaşma əsasında inkişaf etdirir. Onu kütləvi istehsal sahəsinə çevirməklə, respublikamızda dayanıqlı və sağlam təməllər üzərində xalçaçılıq şəbəkəsi yaradır. Respublika ərazisində ənənəvi xalq üsulu ilə xalça toxunmasının kütləvi şəkildə təşkili Cəmiyyətin ilk və əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə respublikanın rayonlarında filialların yaradılması işinə başlanılıb. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib. Qeyd etmək zəruridir ki, bu faktor Azərbaycanın demək olar ki, bütün rayonlarına şamil edilir.

2016-2018-ci illərdə Cəmiyyətin Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Lənkəran, Qobustan, Şabran, Cəbrayıl, Kürdəmir, Tərtər, Goranboy, Naxçıvan, Abşeron, Nardaran, İkinci İsmayıllı fililları yaradılıb.  Bu filialların hər birində 150 toxucu, 14 nəfər inzibati-texniki işçinin işlə təmin olunması üçün imkan vardır. Yeni və müasir filial binaları toxuculuq emalatxanası, anbar, yeməkxana, konfrans zalı, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. "Azərxalça"nın bölgələr üzrə apardığı statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək və möhkəmləndirmək üçün respublikamız potensial imkanlara malikdir.   

Paralel olaraq rayonlarda "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kursları da fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1500 nəfərdən çoxdur. Bu toxucuların arasında gənclərin sayı daha çoxdur. Tədrisi başa vuran tələbələr təcrübi imtahanlardan sonra Cəmiyyətin peşə tədrisi haqqında sertifikatını alırlar. Onlar əsasən yerli filiallarda daimi işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətində kadr hazırlığı məsələlərinə xüsusi fikir verilir.

Toxucularla yanaşı, xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü, emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə mütəxəssislər də hazırlanır. "Azərxalça"nın xalçaları Cəmiyyətin Bədii yaradıcılıq və keyfiyyətə nəzarət şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Azərbaycanda ilk dəfə olaraq qədim xalçalar əsasında yeni  çeşnilərin elektron variantının hazırlanması və Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir. İndiyədək şöbədə 2000-ə yaxın xalça çeşnisi hazırlanıb və istehsalatda tətbiq edilib.

İdarə Heyətinin sədri bildirib ki, Cəmiyyət Azərbaycan xalçasının Azərbaycan xammalı əsasında toxunaraq dünyaya əsl "Azərbaycan brendi" olaraq təqdim edilməsini qarşısına məqsəd qoyub. Bunun üçün ölkəmizin geniş imkanlara malik olduğunu yerli və xarici ekspertlər də təsdiqləyirlər. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki yaradılır. Türkiyə, Yeni Zellandiya, Çin, İsveçrə, Almaniya, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyükmiqyaslı iqtisadi layihələrindən biridir. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.  İlk növbədə, "Azərxalça"nın filiallarının, özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək. Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə, Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri də yaradılıb. Müasir texniki avadanlıqlarla təmin olunmuş bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitki xammalının toplanılması nəzərdə tutulub. Cəmiyyətin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzinin də inşa edilməsi də planlaşdırılır.

Qeyd olunub ki, Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. Xalçalarımız "Azərbaycan brendi" olaraq Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış sərgisində, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da, Cənubi Koreyanın Seul şəhərində keçirilən sərgidə təqdim olunub. Beynəlxalq tədbirlər əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və "Azərxalça"nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərib.

2020-ci ildə məhsullarımızı Amerika Birləşmiş Ştatlarında, Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək sərgilərdə də nümayiş etdirəcəyik. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini əks etdirən materiallar "HALI" "Carpet XL" kimi  jurnallarda öz əksini tapır. "HALI" jurnalı 190-cı sayından etibarən öz səhifələrində "Azərxalça"nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Ümumiyyətlə, Azərbaycan, ingilis və rus dillərində olan web səhifəsindən, instagram və facebook kimi sosial şəbəkələrdən Cəmiyyətin fəaliyyəti, istehsal olunan məhsulları haqqında dolğun informasiya əldə etmək mümkündür.

"Azərxalça"  Açıq Səhmdar Cəmiyyəti ənənəvi xalq üsulu ilə xalça istehsalının genişləndirilməsi, xalçaçılığın daxili imkanlar əsasında maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi,  xalçaçı kadrların hazırlanması və Azərbaycan xalçasının beynəlxalq nüfuzunun qorunması istiqamətində bundan sonra da tam gücü ilə çalışacaq.

Konfransda "Azərbaycan xalçalarında Heydər Əliyevin obrazı", "Qarabağ məktəbi xalçalarının əsas inkişaf istiqamətləri və Qarabağın saray xalçaları", "Azərbaycan kino sənətində xalça", "Azərbaycan xalçalarında ov motivləri", "Son orta əsrlər dövrü Gəncə xalçalarının öyrənilməsinin tətbiqi əhəmiyyəti" və digər mövzularda məruzələr dinlənilib.

p1dovukrtt389k2g1v2617kqcrc5

p1dovukrtt60hjrv1iaf11913926

img687