Close

MENYU

Ağdam xalçaçıları: "Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq"

  • 17 Sen
    2019
  • 14:46
  • 82
  • 1
    0
17.09.2019 - 14:46
82
0

Azərbaycanın maddi-mənəvi irsinin formalaşmasında Qarabağ bölgəsinin böyük rolu var. Qarabağ dünya mədəni irsini öz dəyərli sənət nümunələri ilə zənginləşdirib. Qarabağın aparıcı sənət sahələrindən biri də xalçaçılıqdır. Bu ərazidə toxunan hər bir xalça sənətkarların yüksək mədəniyyətinin, zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Qarabağın işğalından sonra mənfur ermənilər bu qədim sənətimizi də özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan dövləti xalçaçılıq sənətinin inkişafına nail olmaqla onun yaşadılaraq gələcək nəsillərə ötürülməsini təmin edib. Təsadüfi deyil ki, 2016-cı ildə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin ilk filialı məhz Qarabağda, Füzuli rayonunun Horadiz şəhərində açılıb. Səhmdar Cəmiyyətin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bu filialın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xalça istehsalı emalatxanasında 90 nəfərə yaxın toxucu çalışır, onların əksəriyyəti gənclərdir. Toxucular "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

Bu filialda tarixən Ağdamın kəndlərində toxunan xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub. Emalatxanada indiyədək 1400 kvadratmetr məhsul istehsal edilib, 291 xalça kəsilib.

Filialın direktoru Ceyran Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, Qarabağ hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub. Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zəngin olması bu sənət sahəsinin inkişafına güclü təkan verib. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi sual altında idi. Ancaq Prezidentimizin Qarabağda xalça fabrikləri yaratması bu qədim sənətimizin yaşadılmasına imkan verib.

Ceyran Əliyeva xalçaçılığa göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və birinci xanıma toxucular adından minnətdarlığını bildirib.

O deyib: "Bizim Ağdamda çox böyük xalça fabrikimiz var idi. O fabrik 1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun Baş Güneypəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız fəaliyyət göstərirdi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Mənfur ermənilər rayonu işğal edəndən sonra biz Bərdədə şəraitsiz yerdə xalça toxuyaraq bu sənəti davam etdirdik. Bir müddət işlədikdən sonra sənətdən ayrılmışdıq və 25 il idi ki, Ağdamda Qarabağ xalçaları toxumurduq. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Ağdamın Quzanlı qəsəbəsində bu böyük müəssisənin yaradılması qədim sənətimizi özümüzə qaytarıb".

Vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu gün isə "Azərxalça"nın Quzanlıdakı filialının ən yaxşı toxucularından biri olan Bəxtigül Haqverdiyeva onlara göstərilən qayğıdan razılıqla danışıb və toxucuların ən böyük arzusunu dilə gətirib: "Məcburi köçkün həyatı yaşadığımız dövrdə öz sənətimizdən uzaqlaşdıq, xalça toxumağa imkanımız olmadı. Son illər bu fabrikin açılması Ağdam toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq, həm də xalçaçılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlət başçımıza minnətdarıq. Tək arzumuz odur ki, Ağdamımız işğaldan azad olunsun, dövlətimiz oradakı xalça fabrikini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar toxuyaq. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq, biz yenidən Ağdama qayıdacağıq və Prezidentimiz orada bundan daha möhtəşəm xalça fabriki yaradacaq".

Gənc toxucu Məleykə Qasımova xalça toxumağı burada öyrənib. O, "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kursunu bitirərək sertifikat alıb və Ağdam filialında işlə təmin olunub. Yaradılan şəraitdən minnətdarlıqla danışan Məleykə Qasımova qədim el sənəti olan xalçaçılığın yaşadılmasında onların da payı olduğuna görə qürur duyduqlarını bildirib: "Emalatxanada bizim üçün müasir iş şəraiti yaradılıb. Biz həm yaradılan şəraitdən, həm də aldığımız əməkhaqqından çox razıyıq. Bir ildən çoxdur ki, burada çalışıram. Mən fabrikdə işə başlayanda biz toxuduğumuz hər kvadratmetr xalçaya görə 150 manat əməkhaqqı alırdıq. Prezidentimizin insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, sentyabrın birindən hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alacağıq. Hər ay təqribən 1.5 kvadratmetr xalça toxuyuram. Mənim bacım Gülçin də burada işləyir. Əgər o da 1.5 kvadratmetr xalça toxusa, biz 800 manata yaxın əməkhaqqı alacağıq. Bu da ailəmizə çox böyük dəstəkdir. Quzanlıda bir ailənin iki gənc övladının bu qədər əməkhaqqı alması Prezidentimizin yaratdığı şəraitin bariz nümunəsidir. Biz çalışırıq ki, göstərilən qayğıya cavab olaraq gözəl və keyfiyyətli xalçalar toxuyaq".

"Azərxalça"nın Ağdam filialı öz fəaliyyətini gündən-günə genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır.

Qeyd edək ki, filial binasının inşasına 2016-cı ildə başlanılıb və fabrik 2017-ci ildə fəaliyyətə başlayıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Burada 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması, toxucuların rahatlığı üçün hər cür şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib.

Bu qalereyadakı cəmi şəkil sayı - 11