Close

MENYU

İdarə Heyəti sədrinin AMEA Rəyasət Heyətinin iclasında müasir Azərbaycan xalçaşünaslığına dair elmi məruzəsi dinlənilib

  • 04 Apr
    2019
  • 11:06
  • 143
  • 4
    0
04.04.2019 - 11:06
143
0

Aprelin 3-də keçirilən AMEA Rəyasət Heyətinin iclasında "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov "Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi məruzə ilə çıxış edib.

Natiq Azərbay­can xalçaçılığının öyrənilməsi istiqamətində aparılan tədqiqat işlərinin sistemləşdirilməsi, xalçaşünaslıq elminin müstəqil, konseptual və fundamental şəkildə formalaş­ma­sı, bu istiqamət üzrə elmi ixtisaslı kadrların hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Arxe­o­lo­­­giya və Etnoqrafiya İnstitutunun nəzdində Xalçaşünaslıq sektoru yaradıldığını xatırladıb. Bildirib ki, sektorun fəaliyyəti bütövlükdə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublika­sında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"na müvafiq şəkildə qurulub. Məruzəçi vurğulayıb ki, milli xalçaçılıq tarixi Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbələrdən biri kimi araşdırılır, Azərbaycan xalçaçılıq sənəti tarix, etnoqrafiya, iqtisadiyyat, sənətşünaslıq, folklor, etno­bo­­ta­ni­ka və digər elmlərin kontekstində praktik və nəzəri materiallar əsasında öyrənilir, Azər­bay­can xalçaçılığının dünya xalçaçılıq tarixində yeri və mövqeyi tədqiq edilir, ölkəmizdə xalçaların istehsalının, ticarətinin təşkili, beynəlxalq bazara çıxarılması yolları öyrənilir, milli xalça çeşnilərinin yaranma və təkamül prosesi araşdırılır, unudul­muş xalça çeşniləri aşkara çıxarılaraq bərpa edilir və digər tədqiqat işləri aparılır.

Azərbaycanda boyaqçılıq sənətinin yaranması, inkişafı, yayılma arealı, ayrı-ayrı rənglərin alınması zamanı tətbiq edilən texnoloji üsulların uzun müddət tarixçilərin, etnoqra­fların, botaniklərin, sənətşünasların diqqət mərkəzində olduğunu deyən Vidadi Muradov bildirib ki, sektorda Botanika İnstitutunun əməkdaşları ilə birlikdə "Azərbaycanın boyaqçılıq tarixi" mövzusun­da tədqiqat işləri aparılıb: "Ölkə ərazisində aparılan çöl tədqiqatları nəticəsində XIX-XX əsrin əvvəllərində müxtəlif bölgələrdə, o cümlədən Qarabağda, Abşeronda, Gəncədə, Qubada, Şirvanda yaşamış 55 nəfər boyaqçının fəaliyyəti, iş üsulları haqqında məlumatlar toplanılıb. Boyaq xammalının toplanma, qurudulma, saxlanma, tətbiq qaydaları və vaxtları, Azərbaycan xalçası üçün səciyyəvi olan ağ, qırmızı, sarı, sürməyi, qara, yaşıl rənglərin flora və fauna mənşəli mənbələri müəyyən olunub. İlk dəfə olaraq respublikamızın ərazisində yabanı şəkildə bitən və mədəni şəkildə yetişdirilən 84 adda boyaq xüsusiyyətli bitki haqqında məlumatlar toplanılaraq sistemləşdirilib. Tədqiqat işlərinin nəticələri 2017-ci ildə nəşr olunan "Boyaqçılıq" monoqrafiyasında öz əksini tapıb".

Alim vurğulayıb ki, elmi ədəbiyyatlarda Qarabağ və yaxud Təbriz qrupunun tərkibində tədqiq olunan Naxçıvan ərazisində toxunan xalça və xalça məmulatları yenidən araşdırılıb. Müstəqil qrup kimi bədii və texnoloji xüsusiyyətlərə malik olduğundan, həm də yarandığı tarixi-coğrafi şəraiti nəzərə alaraq Azərbaycan xalçalarının Naxçıvan qrupu müstəqil şəkildə ilk dəfə olaraq elmi təsnifata daxil edilib. Naxçıvan xalçaçılığına dair digər işlər haqqında da məlumat verən natiq bildirib ki, tədqiqatın nəticələri AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan, ingilis, rus və ərəb dillərində akademik İsa Həbibbəylinin həmmüəlifliyi ilə nəşr olunan "Naxçıvan xalçaçılığı: ənənə və müasir­lik" mono­qrafiyasında əksini tapıb.

Vidadi Muradov Lənkəran-Astara bölgəsində aparılan tədqiqatlar nəticəsində bu rayonların tarixi, etnoqrafiyası, toponimikası, əhali tərkibi, qədim nəsilləri, ənənəvi təsərrüfat və sənətkarlıq sahələri, xalçaçılıq ənənələrinin və s. öyrənildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bölgədə toxunan xalçalar bədii və texniki cəhətdən əsasən Cənubi Azərbaycan və Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Xüsusilə, xovsuz xalçalarda, xalça məmulatlarında Cənubi Azərbaycan – Muğan, Ərdəbil, Urmiya, Meşkin xalçaçılığının təsiri özünü qabarıq şəkildə göstərir. Bu tədqiqat işlərinin nəticələri əsasında "Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı" adlı mo­noqrafiya Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatla nəşr olunub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İsa Həbibbəyli, İradə Hüseynova, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva, hüquq elmləri doktoru, professor Habil Qurbanov, iqtisad elmləri doktoru, professor Nazim İmanov, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kübra Əliyeva, riyaziyyat üzrə fəlsəfə doktoru Gülçin Abdullayeva və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Rəyasət Heyətinin qərarı ilə Azərbaycan xalçaçılığının kompleks tədqiqatlarının aparılması, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının, eləcə də Gən­cə və Naxçıvan bölmələrinin, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarının bu tədqiqatlarda iştirakının təmin edilməsi məqsədilə Xalça­şünaslıq sektorunun nəz­dində silsilə elmi-praktik se­minar­lar təşkil ediləcək. Azərbaycan xalçaçılığının aktual problemlərinə həsr olunmuş respublika və beynəlxalq miqyaslı simpoziumların, konfransların keçirilməsi, Azərbaycan xalçaçılığına dair mənbələrin aşkarlanması və ölkəyə gətiril­məsi, tərcüməsi, tədqiqi və nəşrinin təmin edilməsi, bu sahə üzrə kadrların hazırlanması üçün magistr və doktorant yerlərinin ayrılması və digər istiqamətlərdə tapşırıqlar verilib.

amea-2

amea-1