Close

MENYU

“Azərxalça”nın Tərtər filialında tarixi Qarabağ çeşniləri əsasında xalçalar toxunur

  • 04 Fev
    2019
  • 12:44
  • 133
  • 1
    0
04.02.2019 - 12:44
133
0

"Xalçaçılığın inkişafı qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır"

Tarixi köklərimizə bağlılıq, adət-ənənələrimizin yaşadılması, milli-mənəvi dəyərlərimizin gənc nəslə ötürülməsi bu gün dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan xalçaçılığın inkişafı istiqamətində atılan addımlar, "Azərxalça" ASC tərəfindən ölkəmizin bölgələrində xalça istehsalı müəssisələrinin inşa edilməsi mühüm əhəmiyyət daşıyır.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev digər sahələr kimi, xalçaçılığın da inkişaf etdiyini vurğulayaraq deyib: "Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq".

"Azərxalça" ASC-nin filiallarının xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynamış Qarabağ bölgəsində də yaradılması təsadüfi deyil. 2016-cı ildə Füzuli rayonunun Horadiz şəhərində, 2017-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətə başlayan filiallarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur. "Azərxalça" ASC-nin daha bir filialı isə Tərtər şəhərində yaradılıb. Filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb.

Filialın əməkdaşı Vüsal Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarət müəssisə lazımi inventar, xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplər, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Artıq emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Burada əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük veriləcək.

Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Müəssisədə Tərtər şəhərindən və rayonun kəndlərindən olan, həmçinin rayonda məskunlaşan məcburi köçkün qadınlar işlə təmin edilib. Artıq "Azərxalça" ASC-nin təşkil etdiyi tədris-hazırlıq kurslarında təcrübəçi xalçaçılar tərəfindən bu peşəyə yiyələnən qadınlar filialda əmək fəaliyyətinə başlayıblar. Filialda işlə təmin olunanlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.

Məcburi köçkün Güləndam Məmmədova hələ Ağdam şəhərində xalçaçılıqla məşğul olub. Hazırda "Azərxalça"nın Tərtər filialında qədim el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara mənimsədir. O, xalçaçılığın inkişaf etdirilməsinə görə sevincini belə ifadə edib: "Qədim el sənəti olan xalçaçılıq bizə nənələrimizdən qalıb. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində uzun illərdir Qarabağda xalçalar toxunmurdu. Bu gün "Azərxalça" ASC tərəfindən bölgələrimizdə, o cümlədən Qarabağda filialların yaradılması biz xalçaçıları çox sevindirir. Çünki xalçaçılıq sənəti yaşadılır, inkişaf etdirilir və gənc nəslə ötürülür. Eyni zamanda, yeni iş yerləri açılır, qadınlar işlə təmin olunurlar. Bütün bunlara görə, bir xalçaçı kimi Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Xalça toxumağı gənc qızlara sevə-sevə öyrədirəm. Onlar da xalçaçılığa böyük maraq göstərirlər. Ən böyük arzum isə Qarabağ xalçalarının yenidən hazırda işğal altında olan torpaqlarımızda toxunmasıdır".

Rayon sakini Gülnar Həsənli də qədim el sənətini həvəslə öyrənir. "Xalça toxumağa uşaqlıqdan böyük marağım olub. Tərtərdə xalça fabrikinin açılması ilə bu arzuma çatdım. Nənələrimizdən bizə yadigar qalan xalça toxumağı öyrənirəm. Sevinirəm, çünki həm sevdiyim sənətlə məşğul olacaq, həm də əməkhaqqı alacağam. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm", - deyə gənc xalçaçı vurğulayıb.

Bu qalereyadakı cəmi şəkil sayı - 10