Close

MENYU

“Azərxalça” ASC İdarə Heyətinin sədri xalçaçıları təbrik edib

  • 28 Dek
    2018
  • 16:54
  • 256
  • 3
    0
28.12.2018 - 16:54
256
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor  Vidadi Muradov Azərbaycan xalçaçılarını 31  Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Təbrikdə vurğulanır ki, 31 dekabrın həmrəylik bayramı kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlı­lıqlarının artırılmasına səbəb olub.  Bu birlik bizim inkişafımızı təmin edir, dövlət müstəqilliyimizi daha da möhkəmləndirir.

2018-ci il ölkəmizdə digər sahələr kimi, xalçaçılar üçün də uğurlu olub. Bu il respublika ərazisində "Azərxalça"nın daha 10 filialı yaradılıb. Cəmiyyətin Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam filiallarının açılışlarında ölkə rəhbərimizin və birinci xanımın iştirakı bütün xalçaçıları sevindirib.

Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı mədəni və maddi irsin, milli dəyərlərin qorunması, tariximizin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə dövlətimizin diqqət və qayğısı ilə tam əhatələnib. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalçaçılıq sahəsində görülən işlərin dünyada analoqu yoxdur. Ölkə başçısı xalçaçılığa iqtisadi faktordan daha çox milli dəyərlər kontekstindən yanaşdığı üçün bu sahəyə çox böyük diqqət yetirir. Hər il olduğu kimi, 2018-ci ildə də bu sahədə mühüm tədbirlər həyata keçirilib. Odur ki, xalçaçılar bu ili uğurlu nəticələrlə başa vururlar.

Təbrikdə qeyd olunur ki, Azərbaycan xalçaçıları milli birlik ideyalarını da öz əl işlərində əks etdiriblər. Onların toxuduğu xalçaların üzərində milli birliyimizi, müstəqilliyimizi əks etdirən simvolların olması xalçaçıların xalqımızın həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfədir.

İdarə Heyətinin sədri təbrikinin sonunda xalçaçılara möhkəm cansağlığı, ailə səadəti, həmrəylik, bol ruzi və işlərində uğurlar arzulayıb.