Close

MENYU

Cənubi Koreyada ilk dəfə Azərbaycan xalçalarının sərgisi açılıb

  • 29 Noy
    2018
  • 15:53
  • 67
  • 2
    0
29.11.2018 - 15:53
67
0

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə Seul şəhərində "Xalçalar-Azərbaycanın inciləri" adlı sərgi açılıb. Dekabrın 19-na qədər davam edəcək sərgi bir sıra nüfuzlu sərgilərə ev sahibliyi etmiş Koreya Fondunun Qalereyasında keçirilir. Sərgidə Azərbaycanın 9 xalça qrupuna məxsus (Bakı, Qarabağ, Qazax, Quba, Gəncə, İrəvan, Naxçıvan, Şirvan, Təbriz) 18 xalça nümayiş etdirilir.

Noyabrın 28-də sərginin açılış mərasimi keçirilib.

Dövlət rəsmilərinin, diplomatik nümayəndəliklərin, Koreyanın aparıcı şirkətlərinin,  ali təhsil ocaqlarının rəhbərlərinin,  ictimai xadimlərin,  ictimai təşkilatların, mədəniyyət mərkəzlərinin və KİV nümayəndələrinin qatıldığı açılış mərasimində Koreya Fondunun Prezidenti Sihyunq Li çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu sərginin Koreyada ilk Azərbaycan xalçaları sərgisi olduğunu bildirib.

Qeyd olunub ki, Koreya Fondu Azərbaycan mədəniyyətinin və incəsənətinin Koreya ictimaiyyətinə təqdim olunması üçün bir sıra tədbirlər həyata keçirir.

O, bu sərgini Azərbaycanın xalçaçılıq sənətinin Koreyada tanıdılması baxımından əlverişli bir imkan kimi dəyərləndirib.

Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov burada ilk dəfə keçirilən Azərbaycan xalça sərgisini tarixi hadisə kimi dəyərləndirib. Azərbaycan xalçaları barədə qonaqlara ətraflı məlumat verən səfir xalçaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsin nümunələri siyahısına daxil edildiyini, dünyada ilk ixtisaslaşmış xalça muzeyinin məhz Azərbaycanda yaradıldığını, Azərbaycan xalçalarının dünyanın məşhur muzeylərində nümayiş etdirildiyini bildirib.

Səfir deyib ki,  xalçaçılığın inkişafı, Azərbaycan xalçalarının xaricdə təbliği Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti xalça istehsalının genişləndirilməsi, xalçaların Koreya da daxil olmaqla daha geniş coğrafi məkana ixrac olunması üçün ardıcıl tədbirlər həyata keçirir.

Səfir sərginin keçirilməsinə verdiyi dəstəyə görə, Koreya Fonduna, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə və "Silk Way West Airlines" şirkətinə minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Tədbir iştirakçıları sərgidə nümayiş olunan xalçaların gözəlliyinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycan xalçalarının Koreyada satışının təşkilini arzuladıqlarını vurğulayıblar.

Sərgidə Azərbaycan xalçaları ilə yanaşı, milli geyimlərimiz, milli musiqi alətlərimiz, mədəniyyət nümunələrimizi əks etdirən suvenirlər, o cümlədən Azərbaycan xalçalarına aid jurnal, kitab və broşurlar da nümayiş etdirilib. Sərgi salonunda milli musiqi sədaları altında Azərbaycan xalçalarının hazırlanması ilə bağlı qısa videoçarx nümayiş olunub.

Yüksək maraq göstərilən sərgini minlərlə koreyalı və əcnəbinin, o cümlədən ali təhsil ocaqlarının tələbələrinin ziyarət edəcəyi gözlənilir.

Qeyd  edək ki, Koreyada xarici ölkələrin turizm imkanlarını nümayiş etdirən nüfuzlu "Polaris" telekanalı sərgidən xüsusi reportaj hazırlayıb.

Bu qalereyadakı cəmi şəkil sayı - 7