Close

MENYU

Yaradılan şərait öz bəhrəsini verir

  • 28 Noy
    2018
  • 11:55
  • 148
  • 4
    0
28.11.2018 - 11:55
148
0

"Azərxalça"nın Qazax filialında keyfiyyətli və gözəl xalçalar toxunur

Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir.  Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan "Namazlıq"lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.

Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır.

S59A7710

Bu filial 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Hazırda burada 87 toxucu çalışır. İnzibati-texniki heyətlə birlikdə filial işçilərinin sayı 100 nəfərdir. Ötən dövrdə xalça istehsalı emalatxanasında 107 xalça toxunub.

S59A7742

Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla, işçilərin işə rahat gediş-gəlişi üçün avtobusla təmin edilib.

Filialın direktoru Nazim İbrahimov deyir ki, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Burada xalçaları "gəbə" deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə çevrilir. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində "Ulduzlu Qazax", "Qarayazı", "Qaraqoyunlu", "Ləmbəli", "Faxralı", "Çəlikli", "Karvansara", "Qaraçöp", "Çərxi-fələk", "Namazlıq" kimi xovlu, kilim, palaz, vərni, şəddə, zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin sakinləridir. Burada ərsəyə gətirilən xalçalar isə Qazaxın qədim çeşniləri əsasında toxunur. Filialda indiyədək toxuduğumuz ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın gənc işçiləri toxuyublar. Filialda işləyən toxucuların əksəriyyəti gənclərdir. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün əllərindən gələni əsirgəmirlər.

Burada istehsal olunan ən böyük xalçanın gənc toxucuları Sahibə Xəlilova, Türkan Qasımava, Əfsanə Səməndəri və Gülminə Məmmədova dövlətin onlar üçün yaratdığı şəraitdən minnətdarlıqla danışırlar. Əfsanə Səməndəri deyir ki, onlar xalça toxumağı nənələrindən, analarından öyrəniblər. Ancaq xalçaçılığın sirlərinə "Azərxalça"nın təşkil etdiyi kurslarda yiyələniblər: "Qazaxda bu fabrikin açılmasının çox böyük əhəmiyyəti var. Həm peşəkar toxucular, həm gənclər işlə təmin olunub, eyni zamanda qədim xalçaçılıq ənənələrimiz yaşadılır. Buna görə dövlətimizə minnətdarıq".

Toxucu Rahilə Əsgərova 40 ildən çoxdur, bu sənətlə məşğul olur. Ötən əsrin 70-80-ci illərində Qazaxda fəaliyyət göstərən xalça fabrikində işləyib. Həmin dövrdə öyrətdiyi toxucular indi "Azərxalça"nın Qazax filialında onunla çiyin-çiyinə çalışırlar. Bu gün də gənclərə toxuculuğun sirlərini eyni həvəslə öyrədir.

S59A7755

"İkinci dəfə dünyaya gəlsəm yenə xalçaçı olardım"- deyən təcrübəli toxucu bildirir ki, xalçalar insan ömrü yaşayır. Hər bir insan kimi, xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır: "Azərbaycan xalçasına və xalçaçılarına sahib çıxdığına görə hörmətli Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan güc alaraq daha yaxşı işləməyə, daha gözəl xalçalar toxumağa çalışır, bu qədim el sənətimizin, milli dəyərimizin yaşadılması üçün əlimizdən gələni əsirgəmir, xalçanı əzizləyir, ona biz də sahib çıxırıq. Xalça toxunarkən onu toxuyanın hissi xalça üzərində öz əksini tapır. Yaxşı zamanda yaşayırıq. Şükür, heç bir problemimiz yoxdur. Ona görə də toxuduğumuz xalçalardan ancaq xoşbəxtlik enerjisi almaq olar. Yəni bizim toxuduğumuz xalçalar hər bir evə sevinc gətirər, insanlara müsbət enerji verər".

Toxucu Xalidə Yolçuyeva isə deyir ki, Qazax xalçaları Bakı, Şirvan, Quba, Təbriz xalçalarından fərqlənir. Bu bölgədə toxunan xalçalarda müqəddəs rəmzlər öz əksini tapıb. Ona görə də Qazax xalçaları müqəddəslərin türbələrinə nəzir verilib, onların üzərində namaz qılınıb. Xalçalar üzərindəki ulduz, çərxi-fələk, göz, həyat ağacı, qoç buynuzu, quş, ox kimi naxışlar bütünlükdə insanı qoruyan, onun  həyatını mühafizə edən simvollardır. Qazaxın xalçaçılıq ənənələrini yaşatmaq üçün yaradılan şərait, bu fabrikin açılması bütün xalçaçıları sevindirib. Biz indi müasir, işıqlı emalatxana binasında xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizin daha qüdrətli olması üçün hər gün dua edirik.

Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Hazırda 14-cü əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, 18-ci əsrə aid nümunələr Nyu-Yorkdakı "Metropoliten" Muzeyində, Sankt-Peterburqun "Ermitaj"ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun "Viktoriya və Albert" Muzeyində, Budapeştin İncəsənət Muzeyində saxlanılır. Qazax filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. Heç şübhə yoxdur ki,  bu gün "Azərxalça"nın Qazax filialında toxunan xalçalar da gələcəkdə qiymətli sənət əsərləri kimi, məşhur muzeylərin bəzəyinə çevriləcəkdir.

S59A7757

S59A7775

S59A7685