Close

MENYU

“Carpet XL” jurnalının növbəti sayında Azərbaycan xalçaçılığı haqqında məqalə dərc olunub

  • 08 Okt
    2018
  • 15:49
  • 90
  • 1
    0
08.10.2018 - 15:49
90
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti xalça istehsalı ilə yanaşı, bu qədim el sənətimizin dünyada təbliği sahəsində də müvafiq tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamı kimi, Cəmiyyətin təşkilatçılığı ilə "Carpet XL" jurnalının 4-cü sayında Azərbaycan xalçaçılığından bəhs edən növbəti yazı dərc olunub. Məqalədə qədim xalçaçılıq ənənələrimizdən, müasir dövrdə xalçaçılığın inkişafından,  "Azərxalça"nın fəaliyyətindən ətraflı bəhs edilib.

Bildirilib ki, tarixən Azərbaycanda orijinal çeşnili, öz naxışları ilə seçilən xalçalar toxunub. Bu xalçalar Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz qrupları üzrə təsnif və tədqiq edilir. Dünya bazarlarına çıxarılan Azərbaycan xalçaları həmişə böyük maraqla qarşılanıb.

Qeyd olunub ki, dövrümüzə qədər gəlib çatan ən qədim Azərbaycan xalçaları 16-cı əsrdə toxunan "Əjdahalı" xalçalardır. Əsasən 16-18-ci əsrlərdə toxunan bu xalçanın qədim nümunələrinə dünyanın məhşur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.

Məqalədə Azərbaycanda boyaqçılıq sənətinin inkişaf tarixinə də nəzər salınıb. Vurğulanıb ki, Azərbaycanın xalçaçılıq və boyaqçılıq tarixini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. XIX əsrin ortalarında burada istehsal olunan təbii boyaq maddələri daxili ehtiyacları ödəməklə yanaşı, həm də xaricə ixrac edilib.

Respublikamızın bölgələrində "Azərxalça"nın yaratdığı filiallar  barədə də məlumat verən müəllif xalça emalatxanalarında istehsal olunan məhsulların keyfiyyətini xüsusi qeyd edib.

Yazıda Qusarın Laza kəndinin, Şamaxının yun bazarının, qədim Azərbaycan xalçalarının və "Azərxalça"nın istehsalı olan məhsulların fotoşəkilləri də təqdim olunub.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən "SN Verlag" Nəşr Evi tərəfindən ildə 4 dəfə ingilis və alman dillərində dərc olunan bu jurnalın əsas oxucuları Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindədir.

Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalın əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

43055705_693737484337765_3565011752636645376_n

43270262_249678145631930_1728277887674482688_n

43228394_686356228415654_7330039204535074816_n

43273228_1979759122091900_8492749596739502080_n