Close

MENYU

“Azərxalça”nın Ağdam filialında tarixi Qarabağ çeşniləri əsasında yeni xalçalar istehsal olunur

  • 01 Okt
    2018
  • 17:34
  • 148
  • 2
    0
01.10.2018 - 17:34
148
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Buradakı xalça istehsalı emalatxanasında 80 nəfərdən çox toxucu çalışır. Onların əksəriyyəti gənclərdir. Toxucular "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

Emalatxanada indiyədək 490 kavadratmetr məhsul istehsal edilib, 120 xalça kəsilib.

Quzanlıdakı fabrikdə Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Bu da tarixi Qarabağ xalçalarının yaşadılmasına xidmət edir.

Qarabağ hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub. Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zəngin olması bu sənət sahəsinin inkişafına güclü təkan verib. Xanlıqlar dövründə Qarabağda xalça məmulatı istehsalı daha geniş miqyas alıb. Bunu Qarabağ xanlarının kənd əhalisindən bir çox vergiləri xalça və palazla toplamaları da sübuta yetirir. Sonrakı dövrlərdə də bu bölgədə xalçaçlıq sənəti inkişaf etdirilib. Ancaq Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi sual altında idi. Azərbaycan dövlətinin dəstəyi ilə ötən əsrin 90-cı illərinin ortalarında "Azər-ilmə" Xalçaçılıq Mərkəzinin fəaliyyətə başlaması, 2016-cı ildə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması tarixi Qarabağ xalçalarının yaşadılmasına imkan verib.

"Azərxalça"nın Ağdam filialında 16-19-cu əsrlərdə Ağdamın Şıxbabalı, Seyidli, Poladlı, Məlikli, Eyvazlı, Orta Qışlaq, Kəlbəcərin Ağcakənd, Cəmilli kəndlərində, Şuşa və Xocalı şəhərlərində toxunmuş xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub. Hazırda fabrikdə vaxtilə Ağdamın Qiyaslı kəndində toxunmuş qədim çeşnili xalçanın istehsalı həyata keçirilir. Bu xalça indiyədək Ağdam filialında toxunmuş ən böyük xalçadır.

Quzanlıdakı emalatxanada vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan toxucular da işlə təmin olunublar. Həmin toxuculardan Gülrabə Hüseynova deyir ki, Ağdam şəhəri işğal olunana qədər oradakı fabrikdə xalça toxuyublar: "Məcburi köçkün həyatı yaşadığımız dövrdə öz sənətimizdən uzaqlaşdıq, xalça toxumağa imkanımız olmadı. Son illər Ağdamın Quzanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində emalatxanaların yaradılması Qarabağ bölgəsinin toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq, həm də xalçaçılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlət başçımıza minnətdarıq. Tək arzumuz odur ki, Ağdamımız işğaldan azad olunsun, dövlətimiz ordakı xalça fabrikini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar toxuyaq".

 "Azərxalça"nın Ağdam filialı öz fəaliyyətini günü-gündən genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır.

Xalça istehsalı emalatxanasında toxucuların rahatlığı üçün hər cür şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib.

Qeyd edək ki, bu binanın inşasına 2016-cı ildə başlanılıb və fabrik 2017-ci ildə fəaliyyətə başlayıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Burada 150 toxucunun və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Bu qalereyadakı cəmi şəkil sayı - 12