Close

MENYU

“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub

  • 27 Sen
    2018
  • 14:26
  • 217
  • 6
    0
27.09.2018 - 14:26
217
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun  Horadiz  şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib. Ötən dövrdə xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 80-dən çox toxucu çalışır. Onlar "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir. Burada 35 nəfər 30 yaşa qədər olan gənc toxucu işləyir.

Fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 950 kavadratmetr 255 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd, Babı kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımi şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib. Horadiz şəhərindəki xalça istehsalı emalatxanasında əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda hanalarda 34 xalça var.

"Azərxalça" fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim "Əjdahalı" çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan "Əjdahalı" xalçalar əsasən 16-17-ci əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə bu filialda Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, 18-ci əsrə aid "Əjdahalı" xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib.

"Azərxalça"nın digər filialları kimi Horadizdəki emalatxanada da sağlamlığı xalça toxumağa imkan verən insanlar işlə təmin edilib. Onlara hər cür şərait yaradılıb. Füzulinin Böyük Bəhmənli kənd sakini, eşitmə qüsuru olan və danışa bilməyən 32 yaşlı Gülyaz Hüseynova xalça toxumağı "Azərxalça" tərəfindən təşkil olunan kursda iştirak edərək öyrənib. Artıq bir ildən çoxdur ki, Füzuli filialında çalışan gənc toxucu bu müddət ərzində 7 xalça toxuyub. O, buradakı işindən çox razıdır və onun kimi insanlara göstərilən qayğıya görə dövlətimizə minnətdardır. Toxucu yoldaşları deyir ki, "Azərxalça"nın Füzuli filialının yaradılması rayonda yaşayan bütün xalçaçıların ürəyincədir. Ancaq ən çox sevinən Gülyaz Hüseynovadır. Çünki bu xalça istehsalı emalatxanası onun həyatını kökündən dəyişdirib. Gülyaz indi bir kollektivdə çalışaraq gələcəyə daha böyük ümidlə və inamla baxır.

Füzuli filialında peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Emalatxanada əmək rəqabəti var. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır. Bu da, öz növbəsində, əmək məhsuldarlığını təmin edir.

S59A4158

S59A4099

S59A4145