Close

MENYU

Bakıda Azərbaycan Xalçaları üzrə V Beynəlxalq Simpozium öz işinə başlayıb

  • 18 Okt
    2017
  • 15:56
  • 81
  • 1
    0
18.10.2017 - 15:56
81
0

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium qədim xalçaçılıq ənənələrinin qorunub saxlanılması, yaşadılması və gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyətə malikdir. Dörd gün davam edəcək simpoziumun təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça" ASC, əsas tərəfdaşları isə Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans - İCOC və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan "Halı" jurnalıdır.

Xalçaçı ekspertləri, Şərq xalçaları kolleksiyaçılarını birləşdirən və dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq sərgilər, konfranslar təşkil edən "Şərq Xalçaları Üzrə Beynəlxalq Konfrans" - İCOC  1976-ci ildə yaradılıb. 34 ildir ki, təşkilatın Azərbaycanla sıx əməkdaşlıq edir. Belə ki, 1983-cü ildə İCOC və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə YUNESKO-nun loqosu altında Bakıda Azərbaycan Xalçaları üzrə I Beynəlxalq Simpozium keçirilib. Sonrakı illərdə də bu ənənə davam edib. 1988-ci, 2003-cü və 2007-ci illərdə də Azərbaycan xalçaları üzrə II, III və IV simpoziumlar keçirilib. Sonuncu simpozium Parisdə-YUNESKO-nun mənzil qərərgahında baş tutub.

10 ildən sonra Azərbaycan xalçaları yenə də dünyanın diqqət mərkəzindədir. Əslində bu məqam Prezident İlham Əliyevin  V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında Sərəncamında da öz əksini tapıb. Sərəncamda deyilir. "Böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilmişdir. 

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır".

Oktyabrın 18-də Bakıda başlayan Azərbaycan Xalçaları Üzrə V Beynəlxalq Simpozium da bu uğurun davamıdır. Simpoziumda 31 ölkədən 130 qonaq iştirak edir. Onların arasında "Azərxalça" ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradovun şəxsən dəvət etdiyi məşhur xalça ekspertləri də var. 

Simpoziumun ilk günü  səhər açılış mərasimindən və günorta keçiriləcək ilk akademik sessiyadan ibarətdir. Simpoziumun ikinci və üçüncü günləri də akademik sessiyalara həsr ediləcək, oktyabrın 20-də  günün birinci yarısında keçiriləcək sonuncu akademik sessiya və nahardan sonra baş tutacaq bağlanış mərasimi ilə öz işini tamamlayacaqdır. Simpozium çərçivəsində təşkil olunacaq mədəni proqrama mövzuya uyğun sərgilər və digər tədbirlər daxildir. Həmçinin bura  "Sehirli ilmələr" qalereyasına aid qədim Azərbaycan xalçalarından ibarət sərgi və ziyafət də daxildir.