Close

MENYU

Qarabağın Əjdahalı xalçası

  • 02 İyun
    2017
  • 14:58
  • 282
  • 5
    0
02.06.2017 - 14:58
282
0

"Azərxalça" ASC-nin Füzuli rayon filialında qədim "Əjdahalı" çeşnisi əsasında daha bir xalça toxunmuşdur. 404x276 sm ölçülü bu yun xalçanı 4 ay ərzində Hacıyeva Gülnarə, Nəbiyeva Nərmin, Abbasova Röya, Abbasova Məxluqə toxumuşlar.

"Əjdahalı" çeşnisi əsasında toxunan xalçaların təkamül prosesinin təhlili göstərir ki, Qafqaz, həmçinin Azərbaycan xalçaçılığında bu motivi tarixi İpək yolu vasitəsilə yaranan mədəni dialoqun təzahürü kimi də izah etmək mümkündür. Bundan əlavə, çin-uyğur incəsənətinin təsiri ilə yaranan bu xalça (tikmə, miniatür və s.) çeşnilərinin monqol-tatarların XIII əsrin birinci yarısını əhatə edən hücumları və hakimiyyətdə olduqları dönəmlərdə Azərbaycan ərazisinə gətirildiyini də ehtimal etmək olar. XVI-XIX əsrlərdə "Əjdahalı" çeşnisinin bədii-texnoloji baxımdan inkişafında Azərbaycan xalçaçılığının rolu danılmazdır. Bu klassik çeşni tarixi "bünövrə" rolunu oynamaqla yanaşı, eyni zamanda, yerli və yeni meyilləri əks etdirməyə başlamışdır. Bu mərhələdə haşiyələrdəki mürəkkəblik özünü qorusa da, ara sahədəki elementlər sayca azalaraq ölçü baxımından dəyişikliyə uğramışdır. Kiçikölçülü və çoxsaylı elementləri daha böyükölçülü elementlər əvəzləməyə başlayır.

Əsasən 17-18-ci əsrlərdə toxunan bu xalçanın qədim nümunələrinə dünyanın məhşur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür və milli xalçaçılığımızda bu çeşninin varisi "Çələbi" kimi tanınan Qarabağ xalçasıdır.