Close

MENYU

Tariximizin Naxışı gətirir

  • 10 May
    2017
  • 15:42
  • 119
  • 1
    0
10.05.2017 - 15:42
119
0

Dilimizdə "Allah vergisi" deyilən bir ifadə var. Adətən yaradıcı adamlardan –xüsusilə də şairlərdən, yazıçılardan danışanda belə deyirlər. Çünki onların sözdən toxuduqları xalı  təkcə əldə etdikləri biliklərin nəticəsi deyil, həm də  onlara Allahın lütfüdür.  Xalça toxumaq da yaradıcılıqla məşğul olmaqdır. Deməli, Allahın nəzəri həm də bu adamların üzərindədir. Əks halda rənglərin dilini bilmək, ilmələrin sehirli  pıçıltısından baş açmaq, hansı xalçanın hansı bölgəni təmsil etdiyini gözüyumulu  demək çətin olardı. Ya da ümumiyyətlə mümkün olmazdı. Yəni,  bunları bilmədən kələfi dolaşdırardın.  Onlar isə kələfi açanlardır, onlar xalça sənətinin aşiqləridir. Onlar xalçaçılardır. Onların bir neçəsi ilə mayın 5-I Xalçaçı günündə tanış oldum. Siz də tanış olun. Hər birinin ayağı altına qırmızı xalı səriləcək xanımlardı bu xanımlar.   

Əslində bu gözəl təsüdüf üçün prezident İlham Əliyevə minnətdar olmalıyıq. Məhz dövlət başçısının sərəncamıyla  bu ildən etibarən 5 may ölkədə Xalçaçı günü kimi qeyd olunur. Üstəgəl, uzun illərdən sonra ilk dəfə olaraq  Azərbaycan xalçaçıları xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətinə görə dövlət səviyyəsində təltif olundular. 6 xalçaçıya  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni , 13 nəfərə "Tərəqqi" medalı verildi.  Xalçaçılıq sahəsində fərqlənən daha 8 xanım da "Əməkdar Mədəniyyət işçisi" fəxri adını aldı. O qədər məmnun idilər ki, inanın sözlə ifadəsi mümkün deyil.

Gözüm onlardan ən qocamanını tutur. Sonya Xanuxovna Yusufovanı. Yaşı 80-ni çoxdan ötən bu qadın Qubanın Qırmızı Qəsəbəsindəndir. Onunla söhbət eləmək çox xoşdur. Hər xatirəsi sanki qatı açılmamış bir xalıdır. Sonya nənə söhbətə mərhum bacısı Manya  xanımdan başlayır :

Mən bacım Manyadan beş yaş balacayam.

for-site-02

O toxuculuq artelində işə başlayanda belə desək, mən hələ "qənddandan qənd oğurlayırdım".  Məndə xalçaçılığa həvəsi bacım yaratdı. Amma bu həvəslə də ..kolxozda işə başladım. Çünki, şərait belə tələb edirdi. İkinci Dünya Müharibəsi  yenicə başa çatmışdı.  Biz gəncləri  məcburi şəkildə kolxoza göndərdilər. Amma axşamlar - işdən sonra mən evimizdə xalça toxuyurdum. Tezliklə nişanlandım, nişanlımı əsgəri xidmətə aparanda mən də kolxozdan çıxdım və toxuculuq fabrikində işə düzəldim. O vaxtdan ta yaxın illərə kimi  saysız-hesabsız xalça toxumuşam.

Sonya Xanuxovna dağ yəhudisidir. Ouun doğulduğu Qırmızı Qəsəbə Azərbaycana yüzlərlə  belə xalçaçı verib. Çünki, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu 1920-ci ildə ilk toxuculuq arteli  məhz Qırmızı Qəsəbədə açılmışdı.

for-site-04

1961-ci ildə isə artıq bu artel toxuculuq fabrikinə çevrilir. Quba xalçaçılarının toxuduğu xalçalar təkcə yerli bazarda yox, ölkə hüdudlarından kənarda da məşhurluq qazanır. Bu xalçaları toxuyub ərsəyə gətirənlərin  çoxu illərdir dünyasını dəyişib. Amma adları Azərbaycanın xalçaçılıq tarixində bu gün də qalır. Kim idi onlar?  Şuşan Yusufova, İstir Xudadatova, Sara Manaşirova, Manya Avşalumova, Həyat Mişiyeva, Havas Haim, Maya Xaimova, Mirvari Benyaqu, Dinar Rafail, Tomati Raxamimova,  Qızıl Yaqubovna və başqaları…Onların qızıl əlləri o qədər çeşnilərə həyat verib ki!! Sonya Xanuxovna xatırlayır:

  • İstehsalatda dəmir nizam-intizam hökm sürürdü. Əsas tələb - yüksək keyfiyyətli xalça toxumaqdı. Səhv etməyə ixtiyarımız yox idi. Xatırlayıram ki, “Pirəbədil”, “Alçagülü”, “Şirvan” çeşniləri   əsasında toxuduğumuz xalçalar Bakıda necə rəğbətlə qarşılanmışdı. SSRİ Kənd Təsərrüfatı Nazirliiyi bizi diploma layiq görmüş, xalçalarımız müxtəlif şəhərlərdə müxtəlif sərgilərə vəsiqə qazanmışdı. Qısası, rəsmi Moskvanın ən müxtəlif instansiyalarında Qubanın Qırmızı Qəsəbəsində toxunan xalçalardan çox razı qalmışdılar.  Bütün kütləvi informasiya vasitələri bizdən yazırdı.
  • Sonya Xanuxovna 7 uşaq böyüdüb. Ondan soruşanda ki, bəs bu boyda külfətlə xalça toxumaq sizə ağır olmadı? Deyir ki, əlbəttə, çətin idi. Ayağımla beşiyi tərpədir, əlimlə toxuyurdum . Eyni həyatı Göyçək Umudova da yaşayıb. 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeninin mükafatçısını əlbəttə toxuduğu xalçalara görə tanıyırlar. Mən isə sizə onu həm də Zeynəb Xanlarovanın doğmaca xalası qızı kimi tanıdacam.
  • Bakının Dağlı məhəlləsində anadan olmuşam. Zeynəb Xanlarova doğmaca xalam qızıdır. Çox gənc yaşlarımdan Lahıcda yaşayan yaxın qohumumla ailə həyatı qurdum. Günü bu gün də Lahıcda yaşayıram. Mənim də 7 övladım olub. Toxuduğum xalçalar da hərəsi bir övladdır. Onları da üstünə gəlsək, balalarımın sayı-hesabı bilinməz. Toxuduğum xalçalar arasında Pirəbədil də var, Qollu Cici də, Sırt Cici də, Şirvan da, başqaları da. Xalçaçılıq sənəti əlbəttə çətin sənətdir. Amma toxunan hər bir xalı, ortaya qoyulan hər bir iş bu çətinliyi unudur. Bir rəssam çəkdiyi şəklə necə imzasını atırsa, xalçaçı da öz xalçasına möhürünü vurur.

for-site-06

Göyçək Umudovanın bu il 80 yaşı tamam olur. Amma maşallah, çox qıvraq görünür. Ondan bir şəhərli qızının Lahıc kimi ucqar dağ kəndində necə yaşadığını soruşuram. Cavabı çox maraqlıdır. Heç darıxmağa vaxtım oldu ki? Bir əlim uşağın beşiyində, bir əlim xanada. Bir də baxdım ki, yaş 80-dir. 80 illiyinə ən yaxşı mükafat isə əlbəttə ki, aldığı ordendir. Bunun üçün prezident İlham Əliyevə təşəkkür edir. Sonra da maraqlı bir tarixçəni danışır. Deyir əynimdəki bu paltarı mənə ən yaxşı xalça ustası kimi veriblər . Mükafat olaraq. Soruşuram ki, təxminən neçə il qabaq? Deyir 30 il! Bəli, buna deyərlər əsl xalçaçı! Xalça köhnəldikcə qiymətini artırmırmı? Göyçək xala da ona mükafat verilən donunu lap əntiq əşya kimi qoruyur. Allah da Göyçək xalça ustasını qorusun!

for-site-05

Həmin gün “Azərxalça”nın həyəti Azərbaycanın hər bölgəsindən gələn xalçaçılarla dolub-daşırdı. Azərbaycanın ilk qadın sahibkarı Fatimə Ağamirzəyeva, Zalikə Qayıtxanova, Urquya Abbasova, Yemən Abdurəhmanova və adlarını saya bilmədiyim onlarla xalçaçı xanım  İqtisadiyyat Nazirliyi ilə Azərxalça ASC-nin birgə təşəbbüsü ilə keçirilən Birinci Ümumrespublika konfransına rəng qatdılar.  Rəng də bilirsiniz ki, xalçaçılıqda əsas məsələdir. Necə deyərlər, yaxşı xalçanı rəngindən və çeşnisindən tanıyırlar.  Mən də  bu xanımların timsalında ən yaxşı xalçaçıları tanıdım, onların professor Vidadi Muradovla maraqlı söhbətlərinə qulaq asdım. Və..anladım ki, həqiqətən də tariximizin Naxışı gətirir.

for-site-07