Close

MENYU

Qarabağlı toxucular Füzuli filialının yaradılmasının ildönümünü qələbə bayramı ərəfəsində böyük coşqu ilə qeyd edirlər

  • 12 Noy
    2020
  • 10:57
  • 38
  • 2
    0
12.11.2020 - 10:57
38
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun  Horadiz  şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayının 12-də istifadəyə verilib. Səhmdar Cəmiyyətin ilk filialı olan bu xalça istehsalı emalatxanasında 80-dən çox toxucu çalışır.

Kollektiv filialın fəaliyyətə başlamasının 4-cü ildönümünü əlamətdar bir dövrdə - işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edildiyi bir ərəfədə qələbə ruhu ilə qeyd edir. Onlar Prezident İlham Əliyevin bu filialın açılış mərasimində iştirak etdiyi günü  həyatlarının ən xoş günlərindən biri kimi heç vaxt unutmayacaqlar.

"Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olandan sonra bizim filialın açılış mərasimində iştirak etdi. Və biz elə həmin tədbirdə bir daha əmin olduq ki, doğma yurd yerlərimizin işğaldan azad edilməsinə çox az qalıb. Həmin vaxtdan 4 il keçib. Budur, artıq Füzuli şəhərində Azərbaycan bayrağı dalğalanır, Füzuli rayonu işğaldan azad edilib",– toxucu Nərminə Aslanova belə deyib. O, əlavə edib ki, bu gün bütün toxucuların sevincinin həddi-hüdudu yoxdur. Çünki 27 illik bir həsrətə son qoyulub. Bu emalatxanada toxunan hər bir xalçada, vurulan hər ilmədə bir nisgil var idi – Füzuli nisgili. Sanki toxuduğumuz Qarabağ xalçaları da o yerlərin xiffətini çəkirdi. Müzəffər Ali Baş Komandanımız və Ordumuz həm Qarabağlı toxucuların, həm də Qarabağ xalçalarının üzünü güldürüb. Bunun üçün möhtərəm Prezidentimizə, qəhrəman əsgər və zabitlərimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır.

Filialın direktoru Gülnarə Hacıyeva bildirib ki, fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 1734 kavadratmetr 462 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımi şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib. Horadiz şəhərindəki xalça istehsalı emalatxanasında əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

Filial direktoru deyib: "Azərxalça" fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim "Əjdahalı" çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan "Əjdahalı" xalçalar əsasən 16-17-ci əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə filialımızda  Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, 18-ci əsrə aid "Əjdahalı" xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib".

Füzuli filialında peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Bu xalça emalatxanasında istehsal edilən məhsullar indi "Azərbaycan brendi" kimi xarici bazarlara çıxarılır. Yaxın vaxtlarda biz beynəlxalq xalça bazarında yüksək keyfiyyətlə toxunan Azərbaycan xalçalarına, eləcə də Qarabağ xalçalarına artan tələbatın şahidi olacağıq.

Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qarabağ xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Füzuli filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. "Azərxalça"nın Füzuli filialının yaradılması imkan verib ki, Qarabağ xalçaları yaşadılsın,  yenə də dünya muzeylərinin bəzəyinə çevrilsin.

"Azərxalça"nın ilk filialının məhz Qarabağda – Füzuli rayonunun Horadiz şəhərində istifadəyə verilməsi Azərbaycanın düşmənlərinə verilən ciddi mesaj idi. Bununla bir daha bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır, Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir. Qarabağda - Füzuli rayonunun Horadiz şəhərində, Ağdamın Quzanlı qəsəbəsində xalça istehsalı emalatxanalarının yaradılması Qarabağlı toxucuların tezliklə doğma yurdlarına qayıdacaqlarına inamını daha da artırdı. Onların qəti qələbəyə olan inam və ümidləri cücərdi. İndi Horadizdəki emalatxananın işğaldan azad edilmiş yaşayış məntəqələrindən olan toxucuları Füzuli şəhərində yaradılacaq fabrikdə çalışacaqları günü səbirsizliklə gözləyirlər.

Bu qalereyadakı cəmi şəkil sayı - 7