Close

MENYU

“Azərxalça” ASC-nin Qobustan filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayonundakı xalça istehsalı emalatxanasının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması qısa zaman ərzində başa çatdırılıb. 2018-ci ilin sonlarından bu filialda xalça toxunmasına başlanılıb. Filial 2019-cu il  mayın 7-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur.

Qobustandakı emalatxanada əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Qobustan qədim tarixi-coğrafi ərazi olan  Şirvanda yerləşir. Tarixən burada orijinal çeşnili Şirvan xalçaları toxunub. Şirvan Azərbaycandan keçən nəhəng ticarət yollarının üstündə yerləşdiyindən bölgədə toxunan xalçalar ixracat məhsulları kimi Şərq ölkələrinə və Avropaya daşınıb. Orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahları, tacirlər öz səyahətnamələrində bu ərazi, Şirvanda toxunan xalçalar haqqında qiymətli məlumatlar veriblər. Qobustanın demək olar ki, bütün yaşayış məntəqələrində, xüsusən Çalov, Cəyirli, Nabur, Sündi, Udulu, Paşalı kəndlərində və indiki Qobustan şəhərində (Mərəzə) xalçaçılıq geniş yayılıb. Qobustandakı xalça istehsalı emalatxanasında çalışanların əksəriyyəti məhz bu yaşayış məntəqələrinin sakinləridir. Toxucular bölgənin qədim xalçaçılıq ənənələrinin yaşadılması üçün səylə çalışır, keyfiyyətli xalçalar toxuyurlar.

Ünvan: Qobustan şəhəri,

Tel: (+99450) 226-90-39

Bu qalereyadakı cəmi şəkil sayı - 22

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu