Close

MENYU

Azərbaycanda xalçaçılığın tarixindən

Azərbaycan xalqının mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi vardır.

Elmi mənbələrə əsasən tarixi e.ə. II minilliyə aid edilən xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi-iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olmuşdur.

Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, yəni köçmə həyat tərzi keçirən insanların çadırlarında örtük, döşənək, pərdə və s. kimi istifadə edilən xalça getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların estetik ehtiyacına cavab vermiş, onların həyatının ayrılmaz hissəsi, istehsal fəaliyyətlərinin aparıcı növü olmuşdur.

Azərbaycanda xalçaçılığın keçdiyi inkişaf yolu dörd əsas və ardıcıl dövrə bölünür.

Birinci dövr xalça sənətinin ibtidai dövrüdür. Qarabağda toxunan palaz və cecimlər bu dövrə aid edilir. Bu dövrdə toxunan xalça məmulatı bəzəksiz, saya yerli və bir rəngli idi. Sonralar toxucular heyvan yunlarının təbii rənglərindən istifadə edərək zolaqlı palazları yaratmışlar.

Xalça sənətinin ibtidai dövrünü təşkil edən və keçirtmə üsulu ilə toxunan palaz zolaqlarının üç bədii inkişaf forması vardır: sadə zolaqlar; sulu zolaqlar;  naxışlı zolaqlar.

Bu bədii inkişaf formaları cecimlərə də aiddir.

Ümumiyyətlə, palaz köçmə həyat tərzi keçirən bir qism əhali arasında üstün idi. Adətən palazlar dik hanalarda, cecimlər isə yer hanalarında toxunurdu.

İkinci dövr xalça sənətinin texniki və başlıca olaraq, bədii cəhətdən inkişafının ilk dövrüdür. Həmin dövrdə sadə dolama texnikası ilə əmələ gələn kilim toxuma üsulu inkişaf etmişdir. Bu texnikanın meydana gəlməsi xalçaların üzərində ibtidai formalarda sadə naxışlar toxumağa imkan yaratmışdır. Palaz və kilimlərdən alaçıqlarda, dəyələrdə və eləcə də toyxanalarda, istər daxili bəzək-döşəmə, istərsə də xarici örtük kimi istifadə olunurdu.

Üçüncü dövr vərni, şəddə, zili, sumax, ladı toxuma üsulu meydana gəlməsi dövrüdür. Mürəkkəb dolama texnikasının çox geniş yayıldığı bu dövrdə xalça bəzəyinin mürəkkəbləşmə və müxtəlif ölçülü naxış elementlərinin inkişafı üçün geniş imkanlar yaranmışdır.

Xalça sənətinin üçüncü dövrünü təşkil edən və mürəkəb dolama üsulu ilə əmələ gələn şəddə və vərni xalçaları əksər hallarda maldarlıqla məşğul olan yerlərdə toxunurdu. Buna görə də bu tipli xalçaların üzərində başlıca olaraq stilləşmiş heyvan təsvirlərinə daha çox rast gəlinir. Şəddə və vərninin istehsalının mənşəyi Bərdə və Naxçıvan olduğu güman edilir. Mürəkkəb dolama toxuma üsulu ilə toxunan zili istər toxunuşuna görə, istərsə də bədii cəhətdən şəddə və vərniyə nisbətən daha artıq təkmilləşmişdir.

Xovsuz xalçaların və xalça məmulatlarının özünəməxsus ornamentləri olur. Bu ornamentlər də palaz zolaqları, kilimlərə xas olan klassik elementlər, şəddə və vərni elementləri, zili, ladı, sumax elementləri adı altında birləşərək bir-birindən fərqlənirlər.

Qədim zamanlardan bu günümüzədək istehsal edilən xovsuz xalçalar bütün dövrlərdə əhalinin məişətinin ayrılmaz hissəsi olmuşdur. Qədim xalça ustaları məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü və sair məişət əşyalarının yüngül və yumşaq olmasını nəzərə alaraq, onların əksəriyyətini xovsuz xalçaların toxuma texnikası ilə istehsal edirdilər. Bu adət indi də davam etməkdədir.

Xalça toxuma sənətinin dördüncü dövrü düyünləmə, yəni əvvəllər dolama ilmə, sonralar isə qüllabı ilmə texnikası ilə əmələ gələn xovlu xalça toxuma üsulunun inkişaf etdiyi dövrüdür. Bu dövr istər texniki, istərsə də bədii cəhətdən xalça sənətinin yüksək inkişaf dövrü hesab edilir. Hələ eramızdan əvvəl tətbiq olunan ilmə düyün texnikası bütün başqa üsullardan fərqli olaraq, mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdır. Bu texnikanın inkişafı ilə əlaqədar yeni istehsal alətləri (dəmir qayçı, bıçaq) meydana gəlmişdir. İstər xovlu, istərsə də xovsuz xalçaların toxunma prosesində digər istehsal alətlərindən (həvə və kirkiddən) istifadə etmişlər.

E.ə V əsrə aid antik dövr yunan tarixçilərindən Ksenofont, Herodot, VII əsr alban tarixcisi Moisey Kalankatuklu, Çin səyyahı Xuan Tes-Ank və sairlərindən başlayaraq orta əsr ərəb səyyahı Əl-Məsudi, Əl-Muqəddəsi, Əl-İstəhri və s. yazılı abidələrində Azərbaycan ərazisində istehsal edilən yüksək keyfiyyətli xalçalar, ölkədən ixrac edilən boyaq maddələri haqqında geniş məlumatlar vermişlər.

Azərbaycan xalçası tarixən ixrac məhsulu olmuşdur. Bu xalçalar XIV əsrdən başlayaraq Avropaya aparılmışdır. Onun ölkədən uzaqlarda tanınmasına sübut XIV-XVIII əsr intibah dövrünün İtaliya, Holland, Flamand rəssamlarından - Hans Memlinqin “Məryəm körpəsi ilə“ (XV), Karlo Krivellonun “Müjdə“ (XV), Hans Holbeynin “Elcilər“ (XVI) və s. tablolarında Qarabağ, Gəncə, Qazax xalçalarının tərənnüm edilməsidir.

Bu gun dünyanın bir çox muzeylərini, şəxsi qalereyalarını bəzəyən Azərbaycan xalçaları ümumbəşəri sərvətə çevrilmişdir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu