Close

MENYU

Haqqımızda

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli 2032 saylı Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli 375 saylı Qərarı ilə təsdiq edilmişdir.

İlkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adı çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılmış, filiallar fəaliyyətə başlamış, "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilmiş, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə Cəmiyyətin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də Quba, 2018-ci il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olmuşdur. Ötən il dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabrikinin təməlqoyma mərasimi keçirilmişdir.

Hazırda Cəmiyyətin Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, İsmayıllı, Qəbələ, Ağstafa, Qazax və Tovuz filiallarında ümumilikdə 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları yaradılacaqdır. Bundan əlavə, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması nəzərdə tutulmuşdur.

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.

Respublikanın ayrı-ayrı rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir. Bu kurslarda dərslər böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilmişdir. İndiyədək kurslarda hazırlıq keçmiş və bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1500 nəfərdən çoxdur.

"Azərxalça"nın istehsalı olan xalçalar "Bədii yaradıcılıq və keyfiyyətə nəzarət" şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. İlk dəfə olaraq qədim və orijinal Azərbaycan xalçalarının əsasında yeni  çeşnilərin elektron variantının hazırlanması, onların Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 500 xalça çeşnisi hazırlanmış və istehsalatda tətbiq edilmişdir.

Azərbaycan xalçasının yerli xammal əsasında toxunaraq dünyaya əsl "Azərbaycan brendi" olaraq təqdim edilməsi Cəmiyyətin qarşısına qoyulmuş əsas vəzifələrdən biridir. Ona görə də Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. "Azərxalça"nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən il 10-13 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilmişdir. Londonda nəşr olunan "HALI" jurnalı 190-cı sayından etibarən öz səhifələrində "Azərxalça"nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu